ZE-TRONICS-in direktoru Ruslan Nəsibov: “Məqsədimiz sadəcə avadanlıq təqdim etmək deyil, etibarlı mühəndislik tərəfdaşı olmaqdır”
Bu il ADEX Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və Securex Caspian Beynəlxalq Təhlükəsizlik Sərgisi birgə keçirilir. Sərgidə iştirak edən ZE-TRONICS şirkəti yeddi beynəlxalq brendi tək stenddə birləşdirərək inteqrasiya olunmuş yanğın və qaz təhlükəsizliyi həllərini nümayiş etdirir. Şirkətin direktoru Ruslan Nəsibov sərgidəki iştirak, müdafiə sənayesi və kritik infrastruktur üçün təhlükəsizlik həlləri, həmçinin regionda bazarın inkişafı ilə bağlı suallarımızı cavablandırıb.
ADEX və Securex Caspian-ın birgə keçirilməsi ZE-TRONICS üçün nə deməkdir? Ziyarətçi profili (müdafiə + mülki təhlükəsizlik) baxımından hansı yeni əlaqələr gözləyirsiniz?
ADEX və Securex Caspian-ın birgə keçirilməsi bizim üçün çox maraqlı bir sinerji yaradır. Çünki burada müdafiə sənayesi ilə mülki və sənaye təhlükəsizliyi eyni platformada bir araya gəlir və bu, ZE-TRONICS-in fəaliyyət profilinə tam uyğundur.
Biz sərgidə ənənəvi neft-qaz sektoru ilə yanaşı, müdafiə sənayesi müəssisələri, strateji və kritik infrastruktur obyektləri, hava limanları, enerji və logistika sektorlarının nümayəndələri ilə yeni əlaqələr qurmağı gözləyirik.
Xüsusilə Azərbaycanın inkişaf edən müdafiə sənayesində yanğın və qaz təhlükəsizliyi, erkən aşkarlama və xüsusi xəbərdarlıq sistemlərinə ehtiyacın artdığını görürük. Məqsədimiz sadəcə avadanlıq təqdim etmək deyil, bu sahələr üçün etibarlı və uzunmüddətli mühəndislik tərəfdaşı olmaqdır.
Stenddə ziyarətçilər üçün ən maraqlı, “gəlib mütləq görməli” elementi nədir və niyə?
Stendimizin əsas özəlliyi ayrı-ayrı məhsullar deyil, vahid yanğın və qaz təhlükəsizliyi konsepsiyasıdır. Ziyarətçilər təhlükənin erkən aşkarlanmasından xəbərdarlıq və reaksiyaya qədər müxtəlif texnologiyaların necə vahid sistemdə işlədiyini görə biləcəklər.
Xüsusilə müdafiə sənayesi və kritik infrastruktur üçün erkən aşkarlamanın və sürətli reaksiyanın real dəyərini nümayiş etdirmək istəyirik. Yəni stendimizdə sadəcə avadanlıq deyil, kompleks təhlükəsizlik həlli təqdim edirik.
Bu il 7 beynəlxalq brendi (Det-Tronics, E2S, Securiton, Kentec, Apollo, Fire Rover, Fireye) tək stenddə birləşdirmisiniz. İnteqrasiya olunmuş ekosistem yanaşmasını müəssisələrə hansı üstünlükləri verə bilər?
Bu il stendimizdə 7 beynəlxalq brendi bir araya gətirməyimizin əsas məqsədi ayrı-ayrı məhsulları deyil, vahid və inteqrasiya olunmuş təhlükəsizlik ekosistemini nümayiş etdirməkdir.
Müasir sənaye və kritik infrastruktur obyektlərində təhlükəsizlik artıq yalnız yanğının aşkarlanması ilə məhdudlaşmır. Qaz və alovun aşkarlanması, erkən yanğın təsbitetmə, yanğın siqnalizasiya və idarəetmə sistemləri, səsli və vizual xəbərdarlıq, eləcə də ağıllı videoanalitika əsasında erkən müdaxilə həlləri bir-birini tamamlamalıdır.
ZE-TRONICS olaraq üstünlüyümüz ondadır ki, müştəri bu müxtəlif texnologiyalar üçün ayrı-ayrı tərəfdaşlarla işləmək əvəzinə, vahid mühəndislik yanaşması əldə edə bilir. Biz obyektin risklərini qiymətləndirərək uyğun texnologiyaları seçə, onları vahid həll çərçivəsində inteqrasiya edə və layihələndirmədən təchizata, işəsalmadan sonrakı servis və texniki dəstəyə qədər bütün prosesdə iştirak edə bilirik.
Nəticədə müəssisə üçün əsas üstünlük sadəcə daha çox məhsul seçimi deyil — sistemlər arasında uyğunluq, vahid məsuliyyət nöqtəsi, daha effektiv texniki xidmət və obyektin real risklərinə uyğun qurulmuş kompleks təhlükəsizlik həllidir.
Multispektrli infraqırmızı radiasiya əsaslı alov aşkarlama kimi texnologiyaların müdafiə sənayesi və aviasiya kimi yüksək riskli obyektlər üçün əhəmiyyəti nədir?
Müdafiə sənayesi və aviasiya kimi yüksək riskli sahələrdə yanğının mümkün qədər erkən və dəqiq aşkarlanması kritik əhəmiyyət daşıyır. İnfraqırmızı multispektrli aşkaretmə texnologiyası alovun müxtəlif spektral xüsusiyyətlərini analiz edərək onu sürətlə təsbit etməyə və yanlış həyəcan siqnallarını minimuma endirməyə imkan verir. Bu isə yanacaq, partlayıcı və digər yüksək riskli materialların mövcud olduğu obyektlərdə daha çevik müdaxilə, insanların və kritik avadanlıqların daha effektiv qorunması deməkdir.
Azərbaycan və Xəzəryanı ölkələrdə son illərdə yanğın/qaz təhlükəsizliyi bazarının dəyişdiyini necə görürsünüz?
Son illərdə Azərbaycan və ümumilikdə Xəzər regionunda yanğın və qaz təhlükəsizliyi bazarının daha tələbkar və texnologiya yönümlü olduğunu görürük. Müştərilər artıq yalnız avadanlıq deyil, beynəlxalq standartlara uyğun, inteqrasiya olunmuş və uzunmüddətli servis dəstəyi olan həllər axtarırlar. Eyni zamanda tələbat neft-qaz sektorundan kənara çıxaraq enerji, nəqliyyat, müdafiə sənayesi və digər kritik infrastrukturlara doğru genişlənir. Bizcə, bazarın əsas istiqaməti daha erkən aşkarlama, daha ağıllı sistemlər və daha yüksək etibarlılıqdır.
English
Русский